Kəndinə qayıdan xanın yurdu: Qarabağdan 10 yeni qeyd | Ədalət Verdiyevin yazısı

      Kəndinə qayıdan xanın yurdu:    Qarabağdan 10 yeni qeyd    | Ədalət Verdiyevin yazısı
  13 Noyabr 2023    Oxunub:8444
Xankəndidə keçirilən hərbi parad Qarabağ məsələsinin həllinin sonuna qoyulan böyük bir nöqtə idi. Şuşa, Laçın və Ermənistanla şərti sərhəd bölgəsinə səfərim zamanı buna bir daha əmin oldum. Müşahidələrimi sizinlə də bölüşürəm:
1. Ərazidə heç bir gərginlik hiss olunmur. Bəlkə də müharibədən sonrakı dövrün ən sakit və sabit günlərini yaşayırıq. Ərazilərin təhlükəsizliyinin və havadan müdafiəsinin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Bərpa edilən ərazilərdə fəaliyyət göstərən dövlət qurumlarının sayı artırılıb, onların təminat və təchizatı gücləndirilib.

2. Ali Baş Komandanımız İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını qaldırandan sonra Qarabağda rus kontingentinə aid müşahidə məntəqələrinin və bu məntəqələrdə mövcud olan texniki vasitələrin sayı azı iki dəfə azaldılıb. İki gün ərzində ruslara məxsus olan cəmi iki ədəd “pikap” tipli UAZ maşınının hərəkətini müşahidə etdim. Qalan texnikalar texnika parkında saxlanılır.

3. Rus kontingenti Azərbaycan ərazisində və məntəqələrdə heç bir nəzarət, yoxlama və müşayiət funksiyası həyata keçirmir. Bəzi məntəqələr sökülüb. Qalanlarında ruslar heç növbədə belə dayanmırlar. Ruslara aid NBM-də texnikaların sayı da xeyli azalıb. Mövqelərdə və yollarda zirehli maşınların istifadəsinə rast gəlmədim. İstifadə olunmayan az sayda zirehli vasitələr və zirehsiz texnikalar (yük maşınları) iki məntəqədə cəmlənib.

4. Rus kontingenti Qarabağda və Laçın yolunda heç nəyə qarışmır. Azərbaycan hərbçilərilə normal münasibətlər qurublar. Azərbaycan tərəfindən icazəsiz addım atmırlar. Çantalarını toplamaq ərəfəsində olduqları hiss olunur. Onların gedəcəkləri günü saydıqlarını rahatlıqla deyə bilərəm.

5. Rus və azərbaycanlı hərbçilərin birgə patrul fəaliyyətini müşahidə etmədim. Amma buna bənzər fəaliyyətin Ağdərə istiqamətində olduğu haqda məlumat aldım.

6. Bu il inşa edilən və Laçın yoluna alternativ adlanan yoldan ilk dəfə istifadə etdim. Bu yola hazırda əlavə asfalt örtüyü vurulur. Alternativ yol üzərində yerləşən, əvvəl ermənilərin yaşadığı kəndlərin girişində yalnız Azərbaycan polisi xidmət edir. Bu kəndlərdə az sayda ermənilərin qaldığı ehtimal olunur. Polislərimiz eyni zamanda ermənilərin qoyub getdiyi evlərin və əmlakın mühafizəsini həyata keçirir.

7. Azərbaycan ərazilərinə Ermənistandan şəxsi heyət, silah və sursat daşınması və bu fəaliyyətin ruslar tərəfindən müşaiyət olunması artıq keçmişdə qaldı. Ermənistanla sərhədlərimiz kifayət qədər etibarlı şəkildə mühafizə olunur. Qəhrəman sərhədçilərimiz bütün zəruri silah, vasitə və avadanlıqlarla təchiz olunublar.

8. Şərqi Zəngəzurun Laçın tərəfdə yerləşən ərazilərində daha böyuk hərbi və mülki infrastruktur layihələri həyata keçirmək üçün münbit şərait yaranıb. Ermənistanın revanş məqsədli manevrləri tamamilə məhdudlaşdırılıb, Azərbaycanda seperatizmin dayaqları silinib və süpürülüb, “Böyük Ermənistan” ideyası və “Qarabağın statusu” barədə miflər birdəfəlik gündəmdən çıxarılıb.

9. Son antiterror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə keçən ərazilərin həm yenidən bərpası, həm də bu ərazilərə “Böyük Qayıdış” prosesini tam təhlükəsiz və geniş miqyasda həyata keçirmək üçün şərait yaranıb.

10. Xankəndinin, Xocalının, Xocavəndin, Agdərənin, Əsgəranın və Sərsəngin Azərbaycanın nəzarətinə keçməsi və cəmi bir gündə suverenliyimizin tam bərpası həm o ərazilərdə xidmət edən hərbi qulluqçular, həm də orada yaşayan və çalışan mülki vətəndaşlar arasında Ali Baş Komandan İlham Əliyevə inam və etibarı daha da artırıb. Fəhləsindən müdirinə, əsgərindən yüksək rütbəli zabitinə qədər hamı şəhidlərimizə rəhmət diləyir, müzəffər Ali Baş Komandanımıza və onun qəhrəman Əsgərlərinə minnətdarlıq edirlər. Bu isə istənilən beynəlxalq platformada Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək, dövlət başçımızın “Heç kim bizimlə ultimatum dilində danışa bilməz” bəyanatını bir daha xalqımızın dəstəyi ilə tamamlayacaq.

Qaldığımız qonaq evinin həyətində çalışan fəhlənin bu sözləri hələ də qulaqlarımda səslənir: “Laçınlıyam, “Bakı Abadlıq”da işləyirəm. Öz evimin bərpasında özüm çalışıram. 900 manat da maaş alıram, gələn ay ailəm də bura - yeni evimizə qayıdacaq. Dövlət başçımız torpağımızı düşməndən aldı, evim bərpa olunur. Öz evimin bərpasında maaş alaraq çalışıram. Evim əvvəlkindən daha gözəl olacaq. Bura köçən əhalini dövlət 3 il kommunal xərclərdən azad edir. Bundan artıq nə etməlidir ki? Allah Prezidentimizi qorusun!”
Yəqin ki, laçınlı fəhlə ali təhsilli deyildi, amma sadə həqiqətləri necə də qısa və ardıcıl şəkildə anlada bilirdi. Digər yerli sakinlər, ordu mənsubları, sərhədçilər, polislər, gömrük əməkdaşları ilə qələbəmizə və qayıdışımıza dair dialoqlarım çox oldu. İlk dəfə idi ki, vətəndaşlarımızdan
- Niyə Xankəniyə girmədik?
- İşimiz yarımçıq qalmadı?
- Niyə Laçında ermənilərə alternativ yol inşa edirik?
- Müharibə vaxtı Xocalı aeroportunu niyə vurmadıq?
- Niyə rusiyalı kontingent ərazimizdə at oynadır?

kimi suallar eşitmədiyimə görə çox məmnun idim.

Doğrudan da, Azərbaycan xalqı olaraq tariximizin ən xoşbəxt günlərini yaşayırıq. Biz son 30- 35 ilin acılarını unudaraq, Azərbaycanın tarixində ilk dəfə qalib ölkəyə, Ermənistanın isə fərarilər diyarına çevrilməsinin şahidi oluruq. Odur ki, qazandığımız möhtəşəm Qələbənin dəyərini bilməli və qəhrəman şəhidlərimizi unutmamalıyıq, Qələbəmizi əldə edən qalib döyüşçülərimizi qorumalı, Vətən, Bayraq və Torpaq məsələsində daim “Dəmir Yumruq” olmalıyıq. Belə olan halda kimsə bizim arzularımızın reallığa çevrilməsinin, o cümlədən, Qərbi Azərbaycandan zorla çıxarılan vətəndaşlarımızın doğma yurd-yuvalarına qayıdışının qarşını ala bilməyəcək. Vaxtilə şüar olan “Qarabağ Azərbaycandır” nidası Ali Baş Komandanımız sayəsində artıq reallaşdı, indi isə Qərbi Azərbaycana qayıdış üçün Prezidentimizin ətrafında daha sıx birləşməliyik. Mənim heç şübhəm yoxdur ki, gün gələcək, bayramlarımızı tarixi torpaqlarımızda qeyd edəcəyik.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Qarabağ  





Xəbər lenti